Pandemiya dövründə təhsilin bütün sahələrində İKT-dən istifadənin üstünlükləri və çatışmazlıqları mövzusunda beynəlxalq konfrans keçirilib
26 may 2021-ci il tarixində “Pandemiya dövründə təhsilin bütün sahələrində İKT-dən istifadənin üstünlükləri və çatışmazlıqları” mövzusunda “Cisco Webex Meetings” platforması üzərindən beynəlxalq konfrans keçirilib.

Tədbir Türkiyənin ən böyük təhsil həmkarlar ittifaqı olan Egitim-Bir-Sen tərəfindən təşkil olunub. Malaziya, Litva, İndoneziya, Sinqapur, Serbiya, Cənubi Afrika Respublikası, Bolqarıstan və 30 yaxın digər ölkələrin təhsil üzrə həmkarlar ittifaqı təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) də təmsil olunub. Konfransı giriş sözü ilə açan Eğitim-Bir-Sen və Memur-Senin sədri Ali Yalçın tədbirə onlayn formada ev sahibliyi etməkdən məmnunluğunu bildirib, iştirakçılara belə bir aktual mövzu ətrafında məhsuldar müzakirələr aparmağı arzulayıb.
...jpeg 101.03 KB

Konfransda ATİAHİ RK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov çıxış edərək tədbir iştirakçılarını AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevin adından salamlayıb.

S.İmanov COVID-19 pandemiyasının dünyada, o cümlədən Azərbaycanda təhsil prosesinə yaratdığı çətinliklərdən danışaraq qeyd edib ki, pandemiya İKT-nin təkcə akademik həyatını deyil, bütün dünya insanlarının gündəlik həyatının ayrılmaz bir parçasına çevrilib: “UNESCO və Dünya Bankının məlumatına görə, COVID-19 pandemiyası səbəbindən dünyada 1.5 milyarddan çox şagird təhsildən kənarda qalıb. Pandemiya dövründə əksər ölkələr onlayn/distan təhsilə keçsələr də, xüsusilə inkişaf etməkdə olan ölkələr bu təhsil formasından normal istifadə edə bilmirlər. Dünyada uşaqların və yeniyetmələrin 53 %-nin evində kompüteri, 47 %-nin isə internetə çıxışının olmadığı faktları qeydə alınıb. Həmçinin aparılan araşdırmalar sübut edib ki, yaşlı nəslin İKT-dən kifayət qədər istifadə edə bilməməsi distant təhsil prosesində çətinliklər yaradıb”.

COVID-19 pandemiyasının Azərbaycanın təhsil sisteminə təsirlərindən söz açan S.İmanov vurğulayıb ki, pandemiyanın diktə etdiyi şərtlər ölkəmizdə də təhsil sahəsində ciddi çətinliklər və öhdəliklər yaradıb, operativ qərarların qəbul olunmasını zəruri edib: “Ötən ilin mart ayından ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində əyani tədrisin, təlim-tərbiyə prosesinin bütün formaları dayandırıldı. Bütün növ kütləvi tədbirlərin təxirə salınması barədə qərar qəbul edildi. Bundan sonra növbəti addım olaraq teledərslər təşkil edildi, TİMS platforması üzərindən "Virtual məktəb” layihəsinə start verildi, ölkənin ən böyük milli onlayn platforması şagirdlərin istifadəsinə verildi və ölkədə, demək olar ki, pedaqoji prosesin bütün formaları tamamilə distant formaya keçdi”.
....jpeg 76.89 KB



Pandemiya dövründə ATİAHİ RK-nın gördüyü işlərdən danışan S.İmanov bildirib ki, Respublika Komitəsi koronavirusun yayıldığı ilk günlərdən infeksiyanın qarşısının alınması, İttifaq üzvlərinin bu çətin günlərdə sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlayıb: “Ölkədə ilk koronavirusa yoluxma halı qeydə alındıqdan dərhal sonra Respublika Komitəsi də məsafəli iş rejiminə keçib, bütün mədəni-kütləvi tədbirlər ləğv edilib, ilk təşkilatlarla Respublika Komitəsi arasında çevik onlayn əlaqənin qurulması üçün təxirəsalınmaz addımlar atılaraq maddi-texniki baza formalaşdırılıb, bütün yerli təşkilatlarda mövcud köhnə kompüter avadanlıqları yeniləri ilə əvəz edilib. Vaxtaşırı olaraq ilk təşkilatlarla onlayn konfranslar təşkil edilərək yerlərdəki vəziyyət analiz edilib”.

S.İmanov pandemiya dövründə İKT-dən istifadədə yaşanan problemlərdən danışaraq əlavə edib ki, ölkənin ucqar rayonlarında internetin bütün təhsil alanlar və müəllimlər üçün əlçatan olmaması, 44 günlük Vətən müharibəsi dövründə milli təhlükəsizliyin təmin edilməsi məqsədilə internetə tətbiq olunan məhdudiyyətlər təhsil prosesinin həyata keçirilməsində çətinliklər yaradıb: “Nəzərinizə çatdırmaq istəyirəm ki, 2020-ci ilin 27 sentyabrında Ermənistan tərəfinin hərbi təxribatlarının qarşısını almaq üçün əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan bütün torpaqlarını azad etdi. Müharibə dövründə ölkənin milli təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə ölkədə internetin verilişində bir sıra məhdudiyyətlər tətbiq edildi ki, bu da davamlı təhsilin təmin edilməsinə öz mənfi təsirlərini göstərdi”.

Pandemiya dövründə bəşəriyyət fiziki və mental olaraq əziyyət çəksə də, qeyd olunmalıdır ki, təkcə ana təbiət bu görünməz virusdan bəhrələnib Belə ki, ekologiya çox qısa müddətdə də olsa, səs çirklənməsi, işıq çirklənməsi və toz çirklənməsi kimi ekoloji problemlərdən azad olub.


Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo