Sual 1. "Əmək pensiyaları haqqında" AR-nın Qanunu nəyi müəyyən edir?

•    Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir.

Sual 2. Əmək pensiyası dedikdə nə başa düşülür?

•    Əmək pensiyası - "Əmək pensiyaları haqqında" Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanın onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanın ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir.

Sual 3. Sosial sığorta stajı nə deməkdir?

•    Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sosial sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

 Sual 4. Fərdi uçot nədir?

•    Fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə huquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir.

Sual 5. Fərdi hesab nə deməkdir?

•    Fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunanın uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır.

Sual 6. Pensiya kapitalı dedikdə nə başa düşülür?

•    Pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.

Sual 7. Əmək pensiyaları neçə hissədən ibarətdir?

•    Yaşa və əlilliyə görə əmək pensiyası 3 hissədən ibarətdir:
-baza hissəsi
-sığorta hissəsi
-yığım hissəsi Ailə başçısını itirməyə görə əmək pensiyası 2 hissədən ibarətdir:
-baza hissəsi
-sığorta hissəsi

Sual 8. Gözlənilən pensiya ödənişi müddəti nə deməkdir?

•    Gözlənilən pensiya ödənişi müddəti - "Əmək pensiyaları haqqında" Qanunla müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanması üçün istifadə olunan göstəricidir.

Sual 9. Əmək pensiyasının neçə növü vardır?

•    Əmək pensiyasının 3 növü var:
1.Yaşa görə
2.Əlilliyə görə
3.Ailə başçısını itirməyə görə

Sual 10. Müxtəlif pensiya hüququ olan şəxslərə neçə pensiya təyin oluna bilər? ?

•    Qanunvericiliklə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

Sual 11. Yaşa görə əmək pensiyasının təyin edilməsinin şərtləri nədən ibarətdir?

•    62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların (kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır) azı 12 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.


Sual 12. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər kimlərdir?

•    Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların:
kişilər - 57 yaşına çatdıqda, azı 25 il sosial sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə,
qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sosial sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
Hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar - kişilər 47, qadınlar 42 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sosial sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.
Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin, həmçinin yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır.
Aşağıdakı hərbi qulluqçularin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçlar, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır:
-hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçlar; -hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
-hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
-hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır:
-ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçiləri;
-cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər:
kişilər - 55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə;
qadınlar - 50 yaşına çatdıqda və ümumi əmək stajı 20 ildən az olmamaqla, bu stajın azı 10 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.


Sual 13. Yaşa görə əmək pensiyasının baza hissəsi kim tərəfindən müəyyən edilir?

•    Yaşa görə əmək pensiyasının baza hissəsi əmək pensiyalarının birinci pilləsi olmaqla, əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.


Sual 14. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği
hansı düsturla müəyyən edilir?

•    Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:
SH = PSK/T, burada:
SH — yaşa görə əmək pensiyasının sığorta hissəsidir;
PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır;
T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.

Sual 15. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinin şərtləri nədən ibarətdir?

•    Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

Sual 16. Əlilliyə görə əmək pensiyasının məbləği necə müəyyən edilir?

•    Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:
SH = PSK/(TxK), burada:
SH — əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;
PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır;
T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;
K — sığorta davamiyyəti əmsalıdır.

Sual 17. Ailə başçısını itirməyə görə əmək pensiyasının
təyin edilməsinin şərtləri nədən ibarətdir?

•    Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək vəfat etmiş sığortaolunanın sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan ən geci 3 ay keçənədək, yaxud bu müddətdən sonra, amma xidmət etdiyi dövrdə aldığı xəsarət (yara, kontuziya və ya zədə), xəstəlik nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur.


Sual 18. Ailə başçını itirməyə görə əmək pensiyasının məbləği necə müəyyən olunur?

•    Ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 18.1-18.3-cü maddələrinə uyğun olaraq hesablanmış ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin və ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləğlərinin cəminə bərabərdir. Vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür. Sığortaolunanın və ya əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının varisləri olmadıqda, onun fərdi hesabının yığım hissəsində olan vəsaitlər və əmək pensiyasının yığım hissəsi üzrə alınmamış vəsaitlər müvafiq icra hakimiyyəti orqanının büdcəsinin gəlirlərinə aid edilir.


Sual 19. Əmək pensiyasının baza hissəsinə hansı əlavələr nəzərdə tutulur?

•    Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinin ("Əmək pensiyaları haqqında" qanunun 14-16-cı maddələrinə uyğun olaraq) əmək pensiyasının baza hissəsinin üzərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi, şəhidlərin ailə üzvlərinin (14-16-cı maddələrinə uyğun olaraq) əmək pensiyasının baza hissəsinin üzərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində əlavə hesablanır.
Əmək pensiyasının baza hissəsinin üzərinə müvafiq hallarda aşağıdakı əlavələr hesablanır:
-öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə,və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına
- ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5 faizi məbləğində;
-I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün
- yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində;
-siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə - yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində;
-döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara
- yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində; -müharibə əlillərinin (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçısı sırasından olan əlillərin yaşa görə əmək pensiyalarına:
-I qrup əlillərə - yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində;
-II qrup əlillərə - yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində;
-III qrup əlillərə - yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində.

Böyük Vətən müharibəsi iştirakçıları və əlillərinə:
müharibə iştirakçılarına (müharibə əlilləri istisna olmaqla) — yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində;
-I qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 140 faizi məbləğində;
-II qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 110 faizi məbləğində;
-III qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 90 faizi məbləğində.
-"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 19.2.4-19.2.6-cı maddələrində nəzərdə tutulmuş əlavələrdən əmək pensiyaçısına yalnız biri - daha yüksəyi verilir.


Sual 20. Sosial sığorta stajı nədir və ona daxil edilən iş və ya
digər fəaliyyət müddətləri hansılardır?

•    Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sosail sığorta stajına daxil edilir. Sığortaolunanın sığorta stajına bunlardan başqa aşağıdakı müddətlər daxil edilir: işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-cı il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada I qrup əlilə və ya 18 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; işsizlik müavinətinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət; əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlillərin və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət; zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; mülkiyyətində və ya istifadəsində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət.


Sual 21. Əmək pensiyalarının artırılması və indeksləşdirilməsi necə həyata keçirilir?

•    Yaşa görə əmək pensiyasının baza hissəsinə yenidən baxıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınır.
Əmək pensiyasının sığorta hissəsi (o cümlədən"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir.
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.1 - 20.1.17-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.
Əmək pensiyasının artırılması və indeksləşdirilməsi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir.


Sual 22. Əmək pensiyaları hansı müddətdə təyin edilir?

•    Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.
Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir.
Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir.


Sual 23. Əmək pensiyası və əmək pensiyasına əlavə necə ödənilir?

•    Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir.
Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. İşləyən əmək pensiyaçılarına: Yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Əlilliyə görə əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan yalnız baza hissəsindən ibarət olmaqla ödənilir.
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixədək təyin olunmuş əlilliyə görə əmək pensiyası himayədə olanlara verilən əlavə nəzərə alınmadan tam məbləğdə ödənilir; ailə başçısını itirməyə görə əmək pensiyası tam məbləğdə ödənilir; "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.1-ci - 20.1.10-cu və 20.1.14-cü - 20.1.17-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Həmin şəxslər (bu Qanunun 20.1.5-ci və 20.1.14-cü maddələrində göstərilən şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır.
Əmək pensiyaçısının müalicə müəssisələrində stasionar müalicədə, habelə cüzam xəstəxanasında olduğu dövrdə onun əmək pensiyası tam məbləğdə ödənilir. Qocalar və əlillər üçün internat evlərində (pansionatlarda) yaşayan əmək pensiyaçılarına təyin olunmuş əmək pensiyası tam məbləğdə ödənilir. Cəzaçəkmə müəssisələrində və həbsdə saxlanılma yerlərində məhkumlara əmək pensiyası məhkəmənin fərqli qərarı yoxdursa tam məbləğdə ödənilir. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.

Sual 24. Əmək pensiyaçısı vəfat etdikdə alınmamış əmək pensiyası necə ödənilir
və dəfn üçün müavinət necə verilir?

•    .Əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir.
Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir.
Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir. Dəfn üçün müavinətin ödənişinin maliyyələşdirilməsi əmək pensiyası ödənişinin maliyyə mənbələrinə uyğun qaydada həyata keçirilir.

Sual 25. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti neçə aydır?

•    Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay müəyyən edilmişdir.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo