AHİK-də həmkarlar ittifaqlarının veteranları ilə görüş keçirilib
Yanvarın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 30 illik yubileyi ərəfəsində uzun illər həmkarlar ittifaqları sahəsində çalışmış veteranlarla görüş keçirilib.

Öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları, o cümlədən veteran həmkarlar işçilərini AHİK-in yaranmasının 30 illiyi münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.

Ardınca S.Möhbalıyev Azərbaycan həmkarlar ittifaqlarının inkişaf tarixindən, fəaliyyət istiqamətlərindən, vətəndaş cəmiyyətinin formalaşmasında xidmətlərindən, həmçinin həmkarlar ittifaqlarına Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin göstərdiyi dövlət dəstəyindən bəhs edib.

Bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə həmkarlar ittifaqlarının fəaliyyətinə xüsusi diqqət ayırıb, qiymətli tövsiyələrini verib, qurultaylarına məktublar ünvanlayıb. Həmçinin dövlətimizin başçısı cənab İlham Əliyev də daim AHİK-in fəaliyyəti ilə maraqlanır, həyata keçirdiyi sosialyönümlü tədbirlərini təqdir edir, həmkarlar ittifaqı rəhbərlərini və fəallarını mükafatlandırır.

AHİK sədri uzun illər həmkarlar ittifaqları sistemində çalışmış işçilərin fəaliyyətini yüksək qiymətləndirib və təsisatın inkişafında səmərəli xidmətlərindən danışaraq onlara təşəkkür edib.
Vurğulayıb ki, ölkəmizdə əmək adamlarının sosial problemlərinin həlli, onlar üçün layiqli iş şəraitinin yardılması, əmək münasibətlərinin tənzimlənməsi, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində əldə olunmuş nailiyyətlərdə Sizin zəngin təcrübəniz və peşəkar fəaliyyətiniz əhəmiyyətli rol oynayıb.

Qeyd edib ki, yaşadığımız qüdrətli dövlətimizdə vətəndaşlarımızın bütün hüquqları, o cümlədən əmək hüquqları ən yüksək səviyyədə təmin edilir və buna görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq.

Çıxış edən veteranlar həmkarlar ittifaqları sistemindəki fəaliyyətlərindən danışıb, ötən günlər xatırlanıb.

Sonda AHİK tərəfindən veteranlar mükafatlandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo